XƏBƏRLƏR

SABAH tələbəsi 57-ci Yahşibey Tasarım Çalışmalarında iştirak edib

TƏLƏBƏLƏR

01 Oktyabr 2026

 

İzmirin Dikili rayonunun Yahşibey kəndində keçirilən 57-ci “Yahşibey Tasarım Çalışmaları” bu il “Oturma Biçimleri” (“Oturma formaları”) mövzusuna həsr olunub. 17 gün davam edən beynəlxalq dizayn emalatxanasında portfolio və müsahibə əsasında seçilmiş təxminən 15 iştirakçı bir araya gəlib.

Seçilmiş iştirakçılar arasında SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq ixtisasının IV kurs tələbəsi Murad Əbusətdar da yer alıb.

2000-ci ildən etibarən Türkiyənin tanınmış memarı Nevzat Sayının təşəbbüsü ilə həyata keçirilən Yahşibey Tasarım Çalışmaları memarlıq və dizaynın araşdırma, düşünmə və praktiki istehsal prosesi ilə birlikdə öyrənilməsinə əsaslanan emalatxanalardan biridir. Bu ilki proqram Emre Senan Tasarım Vakfının çərçivəsində, memarlar Ömer Selçuk Baz və Oğul Can Öztunçun rəhbərliyi ilə keçirilib.

57-ci Yahşibey Tasarım Çalışmalarında “oturmaq” hərəkəti insanın məkan, torpaq və ətraf mühitlə münasibəti kontekstində araşdırılıb. Emalatxana müddətində iştirakçılar tərəfindən fərqli dizayn yanaşmalarını özündə birləşdirən beş oturma qrupu hazırlanıb. Layihələrin formalaşdırılmasında növbəli və bir-birini izləyən quruluş prinsipi – “almaşık” yanaşmasından istifadə olunub.

Emalatxananın əsas xüsusiyyətlərindən biri ideyaların yalnız layihə mərhələsində qalmaması, iştirakçıların birbaşa materiallarla işləyərək hazırladıqları dizaynları real məkanda tətbiq etmələri olub. Prosesin sonunda ərsəyə gətirilən beş oturma qrupu istifadəyə verilib və layihələrin açılışı ilə emalatxana yekunlaşıb.

Proqramın sonunda iştirakçılara iştirak sertifikatları təqdim olunub. Bu kimi beynəlxalq yaradıcı platformalarda SABAH tələbələrinin iştirakı onların peşəkar bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, müxtəlif ölkələrdən olan gənc memar və dizaynerlərlə fikir mübadiləsi aparmasına və beynəlxalq təcrübə qazanmasına imkan yaradır.