SABAH müəllimi Dövlət Mükafatına layiq görülüb!
MÜƏLLİMLƏR
01 İyun 2026
SABAH qruplarının müəllimi, Azərbaycan Respublikasının Xalq rəssamı, UNESCO yanında Rəssamlar Birliyinin üzvü, Azərbaycan manatının ilk eskizlərinin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının “Bədii toxuculuq və xalça sənəti” kafedrasının dosenti Eldar Mikayılzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə mədəniyyət sahəsindəki xidmətlərinə görə Dövlət Mükafatına layiq görülüb.
Azərbaycan xalça sənətini yalnız milli ornamental yaddaş kimi deyil, fəlsəfi-estetik düşüncə sistemi kimi dünyaya təqdim edən Eldar Mikayılzadə öz yaradıcılığı ilə milli dekorativ-tətbiqi sənətimizin inkişafında mühüm mərhələ formalaşdırmış sənətkarlardandır.
Onun müəllifi olduğu “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixi milli xalça sənətinin bədii imkanlarını yeni məzmunda təqdim edən, yüksək peşəkarlıq, dərin ideya, estetik yük və monumental bədii həll ilə seçilən nadir sənət nümunələridir. Bu əsərlər təkcə dekorativ sənət nümunəsi deyil, Azərbaycanın mədəni yaddaşını, mənəvi irsini və milli kimliyini yaşadan sənət manifestidir.
Dəyərli müəllimimizi, görkəmli sənətkarımızı bu ali mükafat münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları və davamlı nailiyyətlər arzulayırıq.