SABAH məzununun Adobe Dünya Çempionatında uğuru!
MƏZUNLAR
12 İyul 2026
SABAH qrupları Azərbaycan Rəssamlıq Akademiyasının “Dizayn” ixtisasının 2026-cı il məzunu Məryəm Seyidova beynəlxalq nüfuza malik Adobe Dünya Çempionatının (Adobe Certified Professional World Championship) Azərbaycan üzrə milli mərhələsində uğur qazanıb.
Baku Design Academy tərəfindən təşkil olunan milli seçim mərhələsinin nəticələrinə əsasən, Məryəm Seyidova 1000 baldan 1000 bal toplayaraq I yerə layiq görülüb.
Qeyd edək ki, Adobe Dünya Çempionatı dünyanın müxtəlif ölkələrindən gənc dizayner və yaradıcı mütəxəssisləri bir araya gətirən, onların Adobe proqramları üzrə peşəkar bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirən nüfuzlu müsabiqələrdən biridir. Çempionat iştirakçılara həm texniki biliklərini, həm də yaradıcı düşüncə və dizayn həllərini nümayiş etdirmək imkanı yaradır.
Milli mərhələdə əldə etdiyi yüksək nəticəyə görə məzunumuz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatında keçiriləcək beynəlxalq final mərhələsində ölkəmizi təmsil edəcək.