XƏBƏRLƏR

Silikon Vadisində Azərbaycan zəfəri: 8 layihə, 8 medal və “Semi-Grand Prix”

TƏLƏBƏLƏR

20 Avqust 2026

 

ABŞ-ın Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival – SVIIF 2026” beynəlxalq innovasiya müsabiqəsində Azərbaycan nümayəndə heyəti yüksək nəticə əldə edib. Dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq ixtiraçının qatıldığı festivalda Azərbaycanı təmsil edən 8 layihənin hər biri mükafata layiq görülüb.

Komanda festivalı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub, eyni zamanda festivalın xüsusi mükafatlarından biri olan “Semi-Grand Prix” mükafatını qazanıb.

Azərbaycan nümayəndə heyətinin festivalda iştirakı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maddi dəstəyi ilə həyata keçirilib. Komandanın uğuru yerli və beynəlxalq rəsmilərin də diqqətini çəkib. Santa Klara şəhərinin meri Lisa M. Gillmor və Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) prezidenti Alireza Rastegar nümayəndə heyətini yüksək nəticə münasibətilə təbrik ediblər.

Nümayəndə heyətinin tərkibində AzTU SABAH məzunu, hazırda isə AzTU-da təhsilini davam etdirən Səfərəli Səfərli və AzTU tələbəsi Anar Məmmədov, SABAH əməkdaşı və ADNSU üzrə mentor Arzu İbrahimova, ADNSU SABAH tələbələri Cahid Cabizadə və Cavid Cəlilov, SABAH əməkdaşı və BMU üzrə mentor Sevinc Əliyeva, BMU tələbəsi Ləman Səfərli, Milli Aviasiya Akademiyasının tələbəsi Mələk Bağırova və ADA Universitetinin tələbəsi Toğrul Quluzadə yer alıblar.

Festivalda təqdim olunan layihələrdə süni intellekt, rəqəmsal texnologiyalar, məlumatların emalı və innovativ mühəndislik həlləri əsas istiqamətlər sırasında olub. Bu sahələr Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt üzrə inkişaf prioritetləri ilə səsləşir.

14–16 avqust 2026-cı il tarixlərində keçirilən SVIIF-də əldə olunan 8 layihə, 8 medal və “Semi-Grand Prix” nəticəsi Azərbaycan gənclərinin elmi-texnoloji potensialını və innovativ layihələrinin beynəlxalq rəqabət qabiliyyətini nümayiş etdirən mühüm uğur kimi qiymətləndirilir.