SABAH məzunu Prezident mükafatı ilə təltif olundu!
MƏZUNLAR
31 Yanvar 2026
SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika mühəndisliyi ixtisasının 2020-ci il məzunu, ADNSU-nun Mexanika kafedrasınını müəllimi, SABAH Məzunlar Assosiasiyasının İdarə Heyətinin üzvü Mahmud İsmayılov 2026-cı il Gənclər üçün Prezident mükafatına layiq görülüb.
Mahmud İsmayılov “Maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə doktorantdır. O, ADNSU SABAH qruplarında “Mexanika mühəndisliyi” ixtisası üzrə bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.
Qeyd edək ki, hazırda dənizdə üzən külək turbin platformalarının layihələndirilməsi sahəsində elmi-tədqiqat aparır, 2020–2021-ci illərdə sənayedə mühəndis kimi çalışıb. 2023–2025-ci illərdə Vorvik Universiteti (University of Warwick) ilə birgə ikili diplom proqramında və bir sıra beynəlxalq tədris layihələrində müəllim kimi fəaliyyət göstərib.
Hazırda bərpa olunan enerji, üzən külək turbinləri, mexaniki sistemlərin möhkəmliyi və sonlu elementlər analizi sahələrində tədqiqatlar aparır. Həmçinin “TEKNOFEST Azərbaycan robototexnika” yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir. NATO SPS beynəlxalq qrant layihəsində iştirak edib, hazırda isə biomimetik, damla formalı üzən külək platforması üzrə beynəlxalq tədqiqat qrantına rəhbərlik edir.
Qeyd edək ki, 2026-cı il üzrə Gənclər üçün Prezident mükafatı elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, həmçinin innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə təqdim olunub. Onlardan ikisi SABAH məzunudur.