SABAH məzun və tələbələri Cenevrədə zəfərə imza atıb: 5 layihə ilə 4 medal!
28 Mart 2026
SABAH məzun və tələbələri Cenevrədə zəfərə imza atıb: 5 layihə ilə 4 medal!
İsveçrənin Cenevrə şəhərində keçirilən 51-ci Cenevrə Beynəlxalq İxtiralar Sərgisində Azərbaycanı təmsil edən, tərkibində SABAH məzun və tələbələrinin də yer aldığı milli komanda böyük uğura imza ataraq 5 layihə ilə 4 medal qazanıb.
Dünyanın nüfuzlu innovasiya platformalarından biri hesab olunan sərgi 11–15 mart 2026-cı il tarixlərində Palexpo Cenevrə sərgi mərkəzində təşkil olunub. Builki sərgidə 35 ölkə və regiondan 1000-dən çox ixtira təqdim edilib, tədbirə 30 mindən çox ziyarətçi qatılıb.
Azərbaycanın nümayəndə heyəti mühəndislik, kosmik texnologiyalar, təhsil, tibb və aqrotexnologiya sahələrini əhatə edən 5 innovativ startap layihəsi ilə çıxış edib. Təqdim olunan layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. 13 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinin sırasında ADNSU və AzTU-nun SABAH qruplarının 11 məzun, tələbə və əməkdaşı da yer alıb.
Qızıl medala layiq görülən “A.I.N.O.S” layihəsi göy cisimlərinin real vaxt rejimində izlənməsi üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli kosmik müşahidə sistemidir. Gümüş medal qazanan “Smart Bed System” layihəsi isə astronavtlar, eləcə də xroniki və Alzheimer xəstələri üçün tibbi monitorinq və dəstək imkanları təqdim edən intellektual yataq sistemi kimi təqdim olunub. Bürünc medallara layiq görülən “S.O.N.I.A” layihəsi süni intellekt əsaslı pilotsuz uçuş aparatı, “ECHRON” isə torpaq parametrlərini təhlil edərək aqrotexnoloji qərarverməyə dəstək verən ağıllı sistemdir.
Komandanın tərkibində Azərbaycanın müxtəlif ali təhsil müəssisələrini (ADNSU, ADA, UNEC, AzTU, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası və Odlar Yurdu Universiteti) təmsil edən gənclər yer alıb. Bu baxımdan, milli komandanın uğuru təkcə fərdi layihələrin deyil, həm də Azərbaycan universitetləri və SABAH məzunlarının birgə intellektual potensialının beynəlxalq miqyasda nümayişi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, sərgidə iştirak Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təmin olunub.